Marneuli bələdiyyəsinin Qırıxlı kəndində anadan olub böyüdüm. 2006-cı ildə məktəbə getməyə başladım. Uşaq bağçasına ümumiyyətlə getməmişəm, çünki nə bizim, nədə qonşu kəndlərdə nə bir uşaq bağçası, nədə ki məktəbəqədər təhsil mərkəzi var. 6 yaşlı uşaq üçün birbaşa məktəbə getməyin və məktəb mühitinə uyğunlaşmağın necə çətin olduğunu təsəvvür edin.
Uşaq bağçası
Bu cəhətdən çox da bir şey dəyişməyib. Elə ailə də tanıyıram ki, övladlarını məktəb yaşı çatmamış hərfləri, rəqəmləri, saymağı öyrənmək və məktəbə hazırlaşmaq üçün özəl müəllim yanına aparırdılar. Bunun üçün ailə ayda 100 lari ödəyirdi. Kimin iqtisadi imkanı çatırsa o uşağını şəxsi müəllim yanına aparır, oxutmaq üçün bütün qaynaqlarını sərf edir. Dövlət məktəbəqədər təhsilin əlçatımlı olması üçün öz öhdəliklərini yerinə yetirməyincə bu elə belə də olacaqdır.
Məktəb
11-ci sinifdə olanda, gürcü dilini öyrənmək üçün Marneulinin mərkəzlərindən birinə gedirdim. Kurs yoldaşlarımdan biri gürcü dili müəllimi idi, ancaq mən və sinif yoldaşım gürcücəni ondan yaxşı bilirdik. İndisə gürcü dilini həmin müəllimdən öyrənən şagirdləri təsəvvür edin.
Bu günkü reallıqda təhsil sisteminin çoxlu zəif cəhətləri var. Onlardan biri də qeyri-peşəkar müəllimlərdir. Mənim peşəkar müəllimim vardı. O bizim məktəbdə işləməyə başlayanda mən 6-cı sinifdə idim və məhz elə o vaxt ali məktəbdə oxumaq həvəsinə düşdüm. Həmin insan mənim əsas motivasiya qaynağım və dəstəkçim idi.
Lakin elə kəndlər var ki, orda gürcü dilini peşəkar olmayan müəllimlər öyrədirlər. Onu da vurğulamaq lazımdır ki, bu cür vəziyyət yalnız gürcü dilində deyil, başqa fənlərdə də müşahidə edilirdi. Məsələn, bir müəllim mütəxəssisi olmadığı bir neçə fəndən dərs deməli olurdu. Məktəbdə kimya müəllimi həm coğrafiyanı, riyaziyyatı, vətəndaş təhsilini, tarixi, gürcü dilini oxudurdu. 7-ci sinifə keçəndə azərbaycan dili və ədəbiyyatı dərslərini ixtisara saldılar və beləliklə, ana dilimizi də yaxşı öyrənə bilmədik. Biologiya, coğrafiya, tarix və başqa fənlərin dərslikləri, pis tərcümə ucbatından, olduqca anlaşılmazdı. Beləki, oxuyanda bir şey anlamırdıq.
Qeyri-formal təhsilin əhəmiyyəti
Təəssüflər olsun ki, fəal şagirdlər olmağa imkanımız yox idi. Nəinki Qırıxlı kəndində, bir çox kənddə belə, qeyri-formal təhsil mərkəzi mövcud deyildir. Beləki, gənclər təlimlərə qoşula bilmir, xarici dilləri öyrənə bilmir, əylənə bilmir və asudə vaxtlarını səmərəli keçirə bilmirlər.
Məktəbdə heç bir təşviqedici və ya bayram tədbiri keçirilmirdi. Son zəngimizi belə qeyd etməmişik. Bütün bunlara baxmayaraq, olduqca fəal şagirddim. Çoxlu yarışmada və tədbirdə iştirak edirdim. Bir neçəsinin qalibi belə oldum. Həmin tədbirlər oxumağımı davam etdirmək üçün motivasiya qaynağıma çevrildi.
Əyləncə və mədəniyyət ocaqlarının mövcud olmaması
Məktəbdə idman mərkəzimiz olmadığından gənclər hər gün Marneuliyə, futbol oynamaq üçünsə qonşu kəndlərə getməli olurlar. Bütün bu işlərə görə kəndlərdə yeniyetmələrin asudə vaxtlarını çayxanalarda və ya kəndin „birjalarında“ „öldürdüyünə“ şahid oluruq. Ümumiyyətlə, bu cəhətdən bir vətəndaş kimi, bizə qarşı ayrı-seçkilik olduğu qənaətdindəyəm. Başqa kəndlərdə isə, dominant qrup nümayəndələrinin yaşadıqları yerlərdə, parklar salınır, yollar çəkilir və normal şəraitlərdə yaşamaları üçün, az qalsın bütün imkanları var. Bizdə isə, şagirdlər hələ də, məktəbə palçıqlı yollarla getməli olurlar.
Ali təhsil və 1+4 proqramı
Əksər hallarda etnik azlıqlardan olan biz gənclər, universitetə qəbul olduqdan sonra bir illik kurs keçməli oluruq. Kurs „1+4 prorqamı“ adlanır.
Təsəvvür edin, uşaqlar uşaq bağçasına gedə bilmədilər, məktəbdə peşəkar müəllimdən dil öyrənə bilmədilər, öyrənmək üçün başqa bir yerə gedə bilmədilər və sonunda, gürcü dilini öyrənmək üçün, bir ili əlavədən itirməli olurlar.
Mən bu proqramı İlya adına Dövlət Universitetində keçdim. Olduqca çətin olsa da, bunu başararaq Hüquq fakultəsində oxumağa davam etdim. „1+4“ proqramla imtahanda 100% xallıq qrantı əldə etmək olduqca çətindir, çünki hər il yalnız 100 nailiyyətli abituriyent qrant ala bilər. 1+4 proqramından istifadə edən etnik azərbaycanlı tələbələrin sayı isə yüzlərlədir. Habelə həmin proqrama qrantla qəbul edilmədiyin halda universitetin ödənişsiz fakultələrində oxuya bilmirsən.
İlya Çavçavadze adına Dövlət Universitetində gürcü dilini çox yaxşı öyrədirdilər. Bununla bağlı gözəl xatirələrim var. Bu proqram mənə inteqrasiyada da kömək etdi. Lakin Dövlət universitetlərinin hamısı ali səviyyədə öyrədə bilmir və onlardan bəzilərində tələbələrə qarşı ayrı-seçkilikli münasibətlər bəsləyirlər. Bəzisində tədris avadanlıqları kifayət deyil, binanın təmirə ehtiyacı var və s.
Bununla belə, yalnız gürcü dilini öyrənmək üçün 2250 lari ödəyirik. Bu ailələrdə iqtisadi problemlər yaradır və təhsil xərclərini ödəmək üçün tələbələr supermarketlərdə, başqa yerlərdə işləməli olurlar. Buna baxmayaraq Barışıq və Vətəndaş Bərabərliyi Məsələlərində Dövlət Naziri bildirdi ki,
„Gürcüstanda etnik azlıqların Dövlət dilini öyrənmək məqsədilə pul ödədikləri yalandır“.
Dövlət idarələri və dövlət rəsmiləri dil maneəsi məsələsini bir „silah“ kimi istifadə edir və „Dövlət dilini hamı bilməlidir“ deyə vurğulayırlar. Vəziyyətimiz, dili hansı şərtlərdə öyrəndiyimiz haqqında heç bir məlumatları yoxdur.
Nəhayət,
Kəndimin, bölgəmin və şəxsi təcrübəmin əsasında təhsilin hər üç pilləsində problemlərin olduğunu deyə bilərəm: birincisi bizim bölgələrdə olmayan uşaq bağçalarıdır, ikincisi məktəbdə oxuduqlarımızı anlaya bilməməyimiz və keyfiyyətli şəkildə öyrədə bilməmələridir. Bu hər ikisi üçüncü pillədə - ali təhsildə öz əksini tapır. Birinci kursda bir materialı oxumaq üçün daha çox vaxt sərf edirdim, nəinki etnik gürcü tələbə. Hələ oxumalı, sonra isə unutmamaq üçün əzbərləməli idim.
Bu problemlərin həlli üçün vaxtlı reaksiya vermək lazımdır. Bunun üçün uşaq bağçaları tikilməli, ümumi təhsil sahəsində yeni və effektli islahatlar keçirilməli, ayrı-seçkilik aradan qaldırılmalı, hamı üçün və hər yerdə keyfiyyətli təhsil əlçatımlı olmalı, „Gürcü dilinin hazırlıq proqramı“ üçün 2250 lari ödəməli olmamalı, dili məktəblərdə keyfiyyətli səviyyədə öyrənə bilmək imkanı olmalıdır.
Müəllif Ziko (Ziyəddin) Hüseyinli, İctimai fəal
Mətnin məzmunu üzrə məsuliyyəti tamamilə müəllif daşıyır.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.